четверг, 5 июля 2012 г.

Əcaib yuxu


 (Hekayə)
                               
                                                                           Doğmaca vətənimdə,
                                                                           Öz elimdə, illaki,
                                                                           Müsəlman arasında
                                                                           Bağrım çatlar, ilahi!

Axşam saatları idi.Telefona zəng gəldi. Dəstəyi qulağıma tutanda ərklə səslənən “alo, salam”dan köhnə dostum Kamalın səsini tanıdım. Hansı ki, görüşmək üçün “burnumun ucu göynəyirdi”. Hal-əhval, xoş-beşdən sonra bildirdi ki, məzuniyyətdədir, gəzməyə rayona gələcək. Sevindim.
 İki gündən sonra görüşdük. Yayın qızmar günləri idi. Şəhərin boğucu istisindən xilas, həm də bir qədər dincəlmək üçün özümüzü “təbiətin qoynuna” - istirahət güşələrinin birinə verdik. Ətraf əzəmətli dağlarla əhatə olunmuş, zəngin meşə örtüyü ilə çətirlənmişdi. Gözəl çimərliyi, sərin havası, cızbızxanası, istirahətə gələn gözəl insanları ilə cənnəti xatırladırdı. Ətrafı gəzdikcə içimizi çeşmə, çölümüzü şəlalə suyu ilə sərinlədikdən sonra yaxşı iştahaya gəlmiş mədəmizin qayğısı ilə   özümüzü cızbızxanaya verdik. Yaranmış xoş ovqat, birgünlük olsa da, bizi həyatın bütün qayğılarından kənar etmişdi.
     Süfrə masasının arxasında yerimizi rahatladığımız andaca cızbızxananın “bığıburma” xidmətçisi qarşımızda peyda oldu. “Xoş gəlmisiz”dən sonra sərt, qaba kişi görkəmi ilə uyuşmayan bir “gözəlçə” nəvazişilə menyunu təqdim etməyə başladı. Onun bu durumu, gətirəcəyi yeməkləri həddindən artıq  tərifləməsi nəinki xoş ovqat yaratmırdı, əksinə, zəhlə tökürdü. O danışdıqca mən əsəbiləşir, az qala ”alə, rədd ol get də” deyəm. Bəlkə bunu özü də hiss eləmişdi. Bu anda “dana basması” söhbətini araya atdı. Bildirdi ki, “dana basması” da var. “Cavan dana əti qızarmış tavaya basılaraq qızardılır.Yaxşı ləzzəti var, hətta dırnaqsız dana basmasından da dadlıdır” dedi. Çox danışmağından hirsim daha artsa da fikrim ilk dəfə eşitdiyim ”dırnaqsız dana basması” ifadəsinə yönəldi: “görəsən o nədir ki, “dana basması” ondan da dadlıdır?” Bu sualı beynimdə araşdırmağım, artıq hirsimi xidmətçidən ayırmışdı. Bəlkə də onun çoxbilmişliyi idi ki, qarşıma “sümük” ataraq, yeməkləri gətirməyə əkilmişdi. O vaxtdan, hələ indi də ha araşdırsam da  ”dırnaqsız dana basması”nın nə olduğunu bilə bilməmişəm.Kamal da mənim, xidmətçinin qaba görkəmindən, qadın “nəvazişi”lə cəfəngiyyatından əsəbiləşdiyimi hiss etmişdi. Arada, əlini əlimin üstünə basmaqla, sanki “sakit ol” da demişdi. Yəgin etmişdi ki, məni əvvəlki xoş ovqata ancaq möcüzə qaytara bilər.Bəlkə ondan idi ki, lap çoxdan gördüyü “əcaib yuxu”sunu mənə danışmağa başladı.
    “Yxuda gördüm ki, əngin və zəngin bir meşənin içərisində olan bir taladayam. Tala meşənin günçıxan qıraq tərəfində yerləşirdi. Çox da geniş deyildi. Talanın günbatan tərəfi təbiətin bütün zənginlikləri-uca dağları, sivrim qayaları, hayqırıb kükrəyən çayı, dərələri, sərin çeşmələri, əzəmətli palıd və digər ağacları, gül-çiçəyi ilə göz oxşayırdı. Talanın günçıxan tərəfi sanki, təbiətin bütün zənginliklərindən məhrum edilmiş cansız boz çöldən-qumlu səhradan ibarət idi. Göz işlədikcə sonsuz uzaqlara uzanıb gedirdi. Sanki allah tərəfindən qarğınmış bir çöl idi.Tala yoluq bir cücənin belinə bənzəyirdi. Üzərində ancaq kəsilmiş qocaman palıdların iri kötükləri və bu kötüklər üzərində tək-tək göyərmiş pöhrələr görünürdü. Adama elə gəlirdi ki, onlar da günçıxandakı səhradan əsən “qum küləkləri” qarşısında bugün-sabahlıqdır.
      Bu fikirdə ikən qarşımda uşaqlıq dostum olan Şota peyda oldu. O, klarnet çalan idi. Çiynindən klarnet, boynundan isə gürcülərin “şərab qədəhi” olan buynuz asılmışdı. Səliqəli geyinmiş, qırmızı qalustuk bağlamış, toya gedənə oxşayırdı. Şota gözümün qarşısından ani qeyb oldu. Bir azdan o, yeni qiyafada peyda oldu. (Yuxudur da, yuxuda belə şeylər çox olur.) Şota idi, lakin əynində pələng dərisindən gödəkçə, çiynində ov tüeəngi, boynundan ov heyvanlarının səsini çıxaran boru asılmışdı. Əllərində, ovladığı bir cüt turac, bir cüt də cüllüt var idi. Heyrətləndiyimi görüb “ovdan gəlirəm” dedi və bu əngin meşənin zənginliklərindən, xüsusən heyvanat aləmindən danışmağa başladı.
    “Bu meşədə, demək olar ki, allahın bütün yaratdıqlarından vardır. Həm də çoxdur. İnsanlar ağıllı olduğundan onları azalmağa qoymurlar. “Gözəllik aşiqi” olan bülbüldən “dağların tacı” məğrur qartala qədər bütün quşlar, zərif dovşan, gözəllik simvolu olan ceyrandan sərt lakin mərd aslana qədər bütün heyvanlar, zəhmətsevər bal arısı və qarışqadan “meşşan” cırcıramaya qədər həşarətlər kifayət qədərdir” dedi. “Ovladığın quşlar “qırmızı kitab”a düşənlərdir, bəs niyə onları ovlamısan?” dedim. O isə “burada “qırmızı kitab” yoxdur, qanun-qayda var. Bu mövsümdə vu quşların hərəsindən bir cüt ovlamağa hüququm var. Artıq vyrmamışam. Hələ rast gəlsəydi, bir qaban da ovlamağa hüququm var idi.” dedi. Uşaqlıq dostum Şota ovladığı quşların hərəsindən birini mənə verdi və yenidən qarşımdan qeyb oldu.
     Bu zaman talanın yuxarı tərəfindən iki nəfərin mənə yaxınlaşdığını gördüm. Biri qəsəbəmizin “uçaskovı”sı, digəri isə onun “naçannik”i idi. “Uçaskovı”nın çiynində tüfəng, belində ovlanmış çöl quşları ilə dolu olan böyük əsgər çantası asılmışdı. “Naçannik”in boynundan “qırmızı kitab” asılmışdı. İkisi də yorğun, qan-tər içində idilər. Biri ağır yükdən, digəri isə qarnının və peysərinin piyindən.
    “Uçaskovı”  Şotanın verdiyi quşları əlimdən dartıb aldı. “Bunlar ki, “qırmızı kitab”a düşənlərdir”deyib, üstümə qışqırdı. “Naçannik” isə “protokol yaz, cəriməsini də al!” əmrini verdi. Bunlar da istəklərinə belə çatıb, qeyb oldular. Yuxudur da...
      Bütün bunlardan təngə gəldiyim üçün içimdə evə getmək istəyi yaranmışdı. Yuxudakı evimiz talanın günbatan tərəfində idi. Evə tərəf yönəlib talanın ortasına qədər gəlmişdim ki, qarşımda,  hündür palıd kötüyü üstündə ucalmış bir heykəl peyda oldu. O, insan heykəli olmasa da, insana bənzəyirdi. Palıd kötüyü nə qədər uca və əzəmətli idisə, heykəl bir o qədər alçaq və cılız idi. İnsana bənzəsə də, dalı,qabağı bilinmirdi. Başı elektrik dirəklərinə bərkidilmiş lnsan skletinə bənzəyirdi. Gözlərinin yerindəki deşiklərdən başın içinin tamam boş olması görünürdü. Guzey tərəfdən nisbətən “abırlı” görünürdü. Boynundan, adi heykəllərdə olduğu kimi daşdan yox, adi parçadan olan qırmızı qalustuk asılmışdı. Həmin tərəfə, nəyi isə vermək istəyən bir əl uzanmışdı. Çox baxdıqda bu ovucda qızıl pul kisəsinə bənzər bir şey peyda olur, birazdan yox olurdu. Bu vəziyyət həm də tez-tez təkrar olunurdu.
 Heykəl güney tərfdən isə çox əcaib görünürdü. O, həccə gedənlərin ziyarət zamanı ağ kəfənə bürünmələrini xatırladırdı. Ağ  kəfən daşdan idi, çat vermiş halda olub, bədənə yovuşmurdu. Gövdədən həmin tərəfə, sanki göylərdən nə isə diləyən iki əl uzanmışdı. Bu əllərdən fasilə ilə bala bənzər şirə damcılanaraq “postament”ə_palıd kötüyünə tökülürdü. Yerdən bu şirəyə saysız- hesabsız  həşarət, qurd, böcək daraşmışdı.
      Bu mənzərəni seyr etdikcə, huşumu itirdiyimi hiss edir, birazdan bunu adi həyat bilib özümə gəlirdim. Nəhayət, yenidən evdə olmadığımı və evə getmək istədiyimi hiss etdim. Bərk həyacan içində idim. Evə tərəf yönəldim. Bir addım atmışdım ki, qarşımda yeni heykəl peyda oldu və məni geriyə- günçıxana itələdi. Günçıxan tərəfə getməkdən çox qorxurdum. Qorxurdum ki, allahın qarğıdığı o bomboz qumlu səhrada susuzluqdan mələşən quzğunlara yem ola bilərəm. Yenə evə tərəf yönəldim, yenidən, sonsuz olaraq... həmin heykəllər ətrafımda peyda olub, məni geriyə_şərqə tərəf itələdilər. Artıq “heykəllər meşəsi”ndə --daş “məngənəsi”ndə sıxılıb nəfəsim kəsilir, huşumu itirirdim. Sonda dözə bilməyib var gücümlə bağırdım: “kömək eləyiiiii...n.”
Bağırtımdan oyandım. Huşum özümdə deyildi. Ətrafa boylandım, gözümə heykəl dəymədi. Ürəyim bərk vururdu. Guppultusu bütün bədənimi atıb tuturdu. Huşum yavaş-yavaş özümə gəlməyə başladı. Nə yaxşı ki, oyandığım məkan dörd divar arası-- yataq otağım idi. Yox, əgər bu dörd küncün də birində bir büst olsaydı və oyananda gözümə dəysəydi artıq mən o dünyalıq olardım. Heç bu yuxunu da sənə danışa bilməzdim, dostum...”.
    Kamal yuxusunu danışıb qurtardıqdan sonra  “möcüzə deyilmi, dostum?” deyə əlavə etdi.  “Möcüzə olmağına sözüm yoxdur. Amma mən oyaqlığımda da bu möcüzələri gündə görürəm də” dedim.
Kamal yuxusunu danışıb qurtaran anda mən ürəkdən gülməkdə idim. O isə yuxusunu danışanda da sanki yuxuda idi. “Oyananda” –başını qaldırıb mənim bu vəziyyətimi gördükdə, əvvəlcə üzündə təəccüb göründü, bir azdan dodağı qaçdı, daha sonra mənə qoşuldu və birlikdə xeyli ürəkdən güldük. O,  əcaib yuxudan oyandığından, mənsə bu  yuxudan aldığım böyük həzzdən sevinmişdik. Hər ikimiz xoş ovqatda idik Hamıya xoş ovqat arzusu ilə.
                                                   

Комментариев нет:

Отправить комментарий