четверг, 31 мая 2012 г.

Siya səddin alt qatı

  Sırınmış mentalitet. Avtoritar rejim, insanları xalqın əsas problemlərindən yayındırmaq üçün “milli  dəyərlər“  şousunu atıbdır ortaya. Telekanallarda, xalqımızı ciddilikdən uzaqlaşdıran, onu təlxəkliyə sürükləyən verilişlər baş alıb gedir. Təzəlikcə bir “qurşaqdan aşağı metalitet” söhbəti atıblar  araya. Ciddi mövzular yox imiş kimi, gah faişəlik, gah erkən nigah, gah tək-tük ailələrdə baş verən “zir-zibil” və b... söhbətləri ortaya atıb “hırıltı” yaradırlar. Halbuki, bütün bu “tək-tük”lər dünyanın hər yerində baş verə bilən şeylərdir. Ciddi söhbət   olmadığı üçün onlar ancaq zibil qutusuna layiqdir. Seks insanın ayaqyoluna getməsi kimi, təbii tələbatlardan biridir. Onun qarşısını almaq heç bir hüquqa sığan deyil. Burada ancaq ailə sədaqətindən danışmaq mümküdür. İctimai qınaq da ancaq ona yönələ bilər. Bütün bunlar məqsədli, xalqa dəyərsiz “mentalitet” sırımaq üçün  edilir.
 Hər bir anlayış, termin, ilkin olaraq, özünün hərfi mənası ilə meydana gəlir. Sonralar siyasət və digər səbəblərdən başqa mənalarda işlədilir. Məsələn, “adət-ənənə” anlayışının hərfi mənası iki sözün (adət və ənənə) hərfi mənalarının cəmindən ibarətdir. Adət-vərdiş, insanın uzun müddət təkrarladığı vəziyyətdir. Ənənə isə bu vərdişin davamlı etdirilmısidir. Məlumdur ki, insanda, cəmiyyətdə yaxşı vərdişlər kimi, pis vərdişlər də formalaşa və davamlı ənənəyə çevrilə bilir. Siqaretə, alkaqola, narkotikaya, namaza,oruca və b... aluda olmaq buna misaldır. Bizdə mentalitet, adət-ənənə təkcə “milli dəyər” mənasında işlədilir. Halbuki, yuxarıda deyilənlərə görə o, “dəyərsizlik” də ola bilər.
Müstəqil, sivil xalqlar özləri üçün “dəyər”li, əsarətdə olan xalqlar üçün isə onların “yiyələr”i  “dəyərsiz” mentalitet yaradırlar. “Dəyərli” mentalitet xalqa yüksək ruh aşıladığı halda, “dəyərsiz”  mentalitet isə köləlik, mütilik, cəhalət, üzüyolalıq, itaətkarlıq və b... sırıyır. Obrazlı desək:
                               Lazım olur, adətən,                                                     
                               Hər mala bir etiket.
                               Məqsədlə hopdurulur
                               Millətə mentalitet.           
Sivil xalqların zəka sahibləri, ziyalıları ən mühüm tədbirlər zamanı xalqına ruh yüksəkliyi, “başqaları” isə ruh düşgünlüyü təlqin edir. Məsələn, Amerikanın prezidenti özünün inaqurasiya tədbirində “qarşımızda böyük problemlər durur, lakin xalqımızın YÜKSƏK RUHU bunların öhdəsindən gələcəkdir” deyirdi. Bizim “ulu öndər” isə, belə tədbirlər zamanı “Azərbaycan xalqı dözümlü xalqdır” deyirdi. Dözüm də insanın yaxşı xüsusiyyətlərindəndir. Lakin onun həddi vardır. Dözümünün həddi olmayan, deyərdim ki, heç insan deyil. İnsanın sağlamlığını xilas edən ən yaxşı dərman da, çox istifadə edildikdə asılılıq yaradır. Ondandır ki, xalqımız artıq, “dözümlülük”dən asılılıq halındadır.
Hər bir xalqın, millətin ilkin tanıtım atributları- onun dili, ad-soyadı, adət-ənənələri və coğrafi məkanı- vətənidir. Azərbaycanın tarixində ta ərəb xilafətindən, Babəkdən bəri, ancaq coğrafi məkanı (o da parçalanmış halda) salamat qalmışdır. Qalan üç atributumuz (dil, ad-soyad və adət-ənənə) isə, ən azı, 60%-70% yox edilmişdir. Dilimiz və ad-soyadlarımız ərəb, fars və rus qarışığından pis vəziyyətdədir. İslam dini- şiəlik təriqəti vasitəsilə dilimiz, ad-soyadlarımız ərəb və farslaşdırılmışdır. Bu, dinə qarşı çıxmaqlıq deyil. Dini də, milli dili, ad-soyadı, adət-ənənəni də eyni zamanda sevmək mümkündür. Ən dəhşətlisi odur ki, dilin, soy-adın, adət-ənənənin əldən getməsinə dözməyə vərdişli olan vətənin də əldən getməsinə narahat olmaz.
 Şah. İsmayıl Xətaidən başlayaraq, uzun əsrlər ərzində xalqımıza, onu türkçülük soy-kökündən uzaqlaşdıran köləlik  mentaliteti sırınmışdır.Sırınmış kölə “milli dəyər”ləri qorumağamı çalışırıq? Müstəqillik əldə etmiş xalqın ilkin vızifəsi əsarətin hopdurduğu kölə mentalitetdən xilas olması olmalıdır. Milli dəyərlər, adət-ənənə xalqın intibahında mühüm rola malikdir. Adamlarımız,çox vaxt, onu ”xırdapara” həsab edir. Atom da “xırdapara”dır lakin dünyanı dağıda biləcək gücə malikdir. Bizlərə yeni, YÜKSƏK RUH yaradan mentalitet məktəbi gərəkdir.             
  Səbəb alt qatdadır, nəticə üzdə. Rəvayət də olsa, deyirlər,  Əsli və Kərəmin qəbirləri, qoşa olaraq, bir yerdədir. Hər qəbrin üstündə bir qızıl gül, aralarında da bir qaratikan kolu bitmişdir. Qaratikan kolunu ildə üzdən kəssələr də yenidən böyüyüb, qızıl gül kollarını qovuşmağa qoymur. Qaratikan kolunun altında isə bir qızıl ilan yatmışdır. Kim ki, qaratikan kolunu kökündən kəsmək istəyir, qızıl ilan oyanıb onu çalır. Ondandır ki, qızıl güllər əbədi olaraq qovuşa bilmirlər.
  Siyasətin iki: alt və üst qatları vardır. Üst qatla təbliğ, alt qatla isə təlqin həyata keçirilir. Təbliğ açıq- aşkar, təlqin isə gizlin- şüuraltı təsirdir. Farsca siyasətin ilkin hərfi mənası “siyah sədd” (qara sədd) deməkdir.Uzun əsrlər ərzində qara səddin alt qatı bizim (Azərbaycan türkləri) üçün təlqin vasitəsi olmuşdur. Farslar ancaq o qatın təlqinlərilə Azərbaycan türklərinin 60%-ə qədərini “qanadının altında” saxlaya bilmişdir. Şah İsmayıl Xətainin “uşaqlığı”ndan istifadə edərək, farslar şiəlik dini təriqətinin köməyilə  azərbaycan türklərini “qoltuğu”na sığındırmışdır. Ərəb xilafəti, Babəkdən bəri “qara sədd”in alt qatının təlqinləri ilə xalqımızı cəhalətə yuvarladaraq, onun mentalitetini pis günə qoyublar.
Siyasət, rus dilində “politika” olub, hərfi mənası, bəlkə də, “saman altdan su yeritmək”dən (lit-axıtmaq, su yeritmək) ibarətdir. Rus “politika”sının da milli mentalitetimizin korlanmasında rolu az olmamışdır.  “Türkmənçay müqaviləsi” Rusiya-İran savaşının yox, siyasətlərinin alt qatının nəticəsidir. Məqsəd də Azərbaycan xalqını parçalayıb incə vasitələrlə türksüzləşdirmək olub.
Fars islamın yaratdığı əbədi (o dünya), Rus isə dünyəvi (müfəqqəti) vədlərlə Azərbaycanı ardınca sürüyür. Rusiya əvvəllər “söz” vədlərilə (sosializm, komunizm və b.) ardınca aparırdısa, indi isə “duz” vədilə aparır. Tarixən əsarət ya qamçı (zor), ya vəd, ya da pul “duzla” (duza getmək) həyata keçirilmişdir. Burda da farsın çoxbilmişliyi özünü göstərmişdir. Başqalarından fərqli olaraq, müfəqqəti (dünyavi) vədi deyil, əbədi (dini) vədi seçmişdir. Hansı ki, inananlar onun yalan olmasını heç vaxt bilə bilməz. Dünyavi vədlərdən komunizm xqlyasından artığı ola bilməz. Onun  da  ömrü 70 ildən artıq sürə bilmədi. İndi isə Rusiya xalqımızın 50%-ə qədərini “duz”-çörək verməklə ardınca aparır. Faktdır ki, adamlarımızın 3 milyona yaxını Rusiyada çörəyə çatır, onların köməyilə bir o qədəri də burda aclıqdan xilas olur. Bəs özümüzün “yeni açılan milyon iş yerləri” harda gizlənir? Sərvətlərimiz hara sərf olunur?
 Hər bir baş verənin səbəbi və nəticəsi olur. Səbəb siyah səddin alt qatında, nəticə isə üzdə olur. Bizlər, hələ də, nəticəni qamçılayırıq. Axı, alt qatda, səbəbin yanında “qızıl ilan” yatır. Xilas yolu isə ancaq siya səddin alt qatına baş vurmaqdan keçir. Nə qədər ki, siya səddin alt qatına baş çəkə bilmirik, o qədər də “bu gündə” olarıq.

Комментариев нет:

Отправить комментарий