суббота, 16 февраля 2013 г.

Gördüklərimə, yoxsa eşitdiklərimə inanım?


“Min dəfə eşitmək, yoxsa bir dəfə görmək yaxşıdır”?
Bunun cavabını müdriklər çoxdan vermişdir. Lakin “nədən?”i  hələ soruşulur. Bu, ondandır ki, lənətə gəlmiş qulaq, insanın hiss orqanı kimi, yalanı da eşidə (qəbul edə) bilir. Yarəb, eşitdiyi minlərdən biri doğru ola, ya olmaya. Qurban olduğum müqəddəs göz  isə ancaq olanı (doğrunu) görür. Onda öz sahibini aldatmaq “qabiliyyəti” yoxdur. Vay o cəmiyyətin halına ki, orda  görünənləri yalan, eşidilənləri doğru hesab edirlər.

Şübhəsizdir ki, “ya zəlzələdən, ya vəlvələdən”, ermənilər azərbaycanlılarla düşməndir. Bunun döğruluğuna söz ola bilməz. Çünki bu xalqlar arasında o qədər qırğınlar törədilib ki, onları az vaxt ərzində unutmaq müşkül işdir. Baxaq, görək bu böyüklükdə düşmənçilik bütün Azərbaycan xalqının və bütün Erməni xalqının istəyiləmi baş vermişdir? Məntiqlə bu suala birmənalı, yox cavabını vermək mümkündür. Başqa bir sual: biz ermənilərlə əbədi düşmənçiliyin istəyindəyikmk? Buna da birmənalı olaraq, yox demək olar. Bu düşmənçiliyin  baiskarı kimdir? Bütün günahlar Ermənilərdədirmi? Məhz bu iki sualın cavabı mübahisəli və Əkrəm Əylislinin “Daş yuxular”ını da nəzərə alsaq, “xətalıdır”.
Bu iki xalq arasında düşmənçiliyin əsasında torpaq (mülk) iddiası durur. Mülk iddiaları, ta qədimdən nəinki iki qonşu xalq, millət, iki qonşu rayon, qonşu kənd, hətta bir evdə boya-başa çatan iki qardaş arasında da ola bilir. Məsələn, ağıllı ata görəndə ki, evləndirib ailə qurduğu iki oğlu, o, dünyadan köçəndən sonra, mülkü üzərində mübahisə edə bilərlər, mülkü onlar arasında ədalətlə bölür. Ata övladlarının yaxşı yola gedəcəklərinə əmindirsə aralarında hasar çəkmir, əmin deyilsə, aralarına hündür bir hasar da çəkdirir. “Ya  zəlzələdən, ya vəlvələdən”, Azərbaycan və Erməni xalqları xeyli tarixi dövr ərzində, əsasən bir yerdə yaşamışdır. Əgər ayrı səbəblər olmasaydı onlar da, nəhayətdə təbii proseslər, “ağıllı aralar” sayəsində ağılla ayrılardılar. Onu indi də etmək mümkündür.  Ayrı səbəb isə postsovet (Rusiya ətrafı) məkanında  yaşayan bütün xalqların bəlasıdır. O bəladır ki, allah onları Rusiya ilə qonşu yaratmışdır. Nə qədər ki, Rusiyanın nəzəri bu iki xalqın üzərindədir Azərbaycan-Ermənistan  düşmənçiliyi-torpaq iddiası bitməyəcəkdir.
Ta uşaqlıqdan Ermənilər haqqında eşitdiklərim sonralar gördüklərimlə eyniyyət təşkil etməmişdir. Görülənlər yalan olmadığından, bu eyniyyətin olmaması eşidilənlərin yalan olması deməkdir. Eşitdiklərimi deməyəcəm, çünki hamı onları (indi daha çox) eşidir.
Müsəlmanlarda, dünyanın heç yerində işlənməyən iki söz vardır: “namus” və “mundar”. “Mundar” sözü dünyanın hər yerində olan “natəmizlik”, “çirkinlik” mənasında deyil, ən çox, günah (dini) mənada işlədilir. Uşaqlıqda eşitmişdim, müsəlmanlar erməni və ruslara mundar deyərdilər. Uşaqlıqdan gördüklərimdən biri o idi ki, müsəlman erməniyə özünün saxsı qabında içməyə su verərdisə, o qabı atıb sındırardı. Deyərdilər ki, mundarlıq yumaqla da saxsı qabdan getmir.
Ətrafı meşələrlə örtülmüş dağ kəndində yaşayırdıq. Uzaqlardan ermənilər və ruslar,  arada ova gələndə kəndimizdəki məktəbdə gecələyərdilər. Uşaq idim (7-8 yaşında). Evimiz və bir neçə başqa qonşu ev də məktəbə yaxın idi. Mənim o evlərdəki  yaşıdlarım evdən ermənilərə su gətirəndə erməni suyu içəndən sonra uşaq onların gözü qarşısında qabı atıb sındırardı (o vaxtlar su qablarının əksəriyyəti saxsıdan idi).. Bunu bir dəfə qoca nənəmə danışdım. O mənə dedi ki, “bala bundan sonra suyu sən apar, qoy içsinlər. Hər dəfə qabı da sındırmayıb, gətirib mənə verərsən”. Elə də edirdim. Erməni ovçular da bunu hiss etmişdilər. Gedərkən məni çağırıb, üzümdən öpərək vidalaşdılar. Lakin bunu eşidən kəççilərimiz nənəmi xeyli vaxt xeyli danladılar...                   
(Onu da deyim ki, bunun Əkrəm Əylislinin “Daş Yuxular”ı ilə heç bir əlaqəsi yoxdur). 

Комментариев нет:

Отправить комментарий