понедельник, 16 июля 2012 г.

Dünyanın ən varlı adamı


                                                                 (Rəvayət)                                    
   Qədim zamanlarda bir məmləkətin ucqarlarında kasıb lakin çox müdrik bir kişi yaşayırdı. Faydalı fikirləri və məsləhətləri ilə ətrafdakılara, el-obaya fayda gətirirdi. Onun sorağı gedib saray əyanlarına da çatmış, onlar da padşaha çatdırmışdılar. Padşah qasid göndərir və tapşırır ki, “ona hədiyyə aparın və onu saraya gətirin.  Məsləhətləri ilə həm bizə faydası dəyər, həm də kasıblıqdan qurtarar”. Qasidlər gedir,  padşahın hədiyyəsini, həm də təklifini ona çatdırırlar.
Müdrik  getmək istəmir. Etika xatirinə, “bu dəfə gələ bilmərəm” deyir və fikrini bir bənd şeirlə padşaha göndərir:
                                       Şah sağ olsun, çox razıyam ənamından,
                                       Bilən üçün şirin olur öz yavanı,  
                                       Özgənin min təamından. 
Qasidlər qayıdıb məktubu padşaha verirlər. Padşah məktubu oxuyub bərk hirslənir. Əyanlarını danlayır ki, əvvəllər müdrik haqqında ona yalan məlumat veriblər. Əyanlar isə and-aman edir, “şah sağ olsun, sizə hər şeyi düz demişik” deyirlər. Şah isə “hər şeyi düz, lakin kasıb olmasını yalan demisiz. O, dünyanın ən varlı adamıdır” deyir və əyanlarına o kişini bir daha narahat etməməyi tapşırır.
     İbrət: ay maddiyyət hərisləri, barı, kişiliyinizi ona qurban verməyin. 

Комментариев нет:

Отправить комментарий